ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mar-A-Laqodakı malikanəsinə basqın edən Federal Təhqiqatlar Bürosunu (FTB) hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, Tramp gözləntilərin əksinə olaraq evindən aparılan sənədlərin yayımlanmasına qarşı olmadığını söyləyib.
“Mar-a-Laqodakı evimə Amerikaya yaraşmayan, əsassız və lazımsız basqınla bağlı sənədlərin yayımlanmasına qarşı çıxmayacam. Hətta bir addım da irəli gedirəm – bu sənədlərin yayımlanmasını təşviq edəcəm. Sənədləri yayımlayın”, - eks-prezident bildirib.
Donald Tramp əlavə edib:
“Hər şey çox yaxşı gedirdi, vəziyyət bir çox əvvəlki prezidentlərdən daha yaxşı idi, amma birdən-birə heç bir xəbərdarlıq etmədən Mar-A-Laqodakı mülkümə səhər saatlarında çoxsaylı agentlər tərəfindən basqın edildi. Onlar hədlərini aşdılar”.
Axtarış aparan agentlərin onun və həyat yoldaşının yataq otağına girərək şəxsi həyatlarına da hücum etdiklərini bildirən Tramp vurğulayıb: “Agentlər birinci xanımın şkaflarında axtarış aparıb, paltarlarını və şəxsi əşyalarını gözdən keçiriblər. Evi bərbad hala salıblar”.
Tramp FTB-nin onun evində nüvə silahlarına dair sənədlər axtarması ilə bağlı iddiaya belə cavab verib: “Bu saxtakarlıqdır”.
FTB-yə etirazını davam etdirən ABŞ-ın 45-ci prezidenti vurğulayıb:
“Niyə FTB vəkilimizi Mar-A-Laqodakı axtarışa buraxmadı? Onu kənarda gözlətdilər, yaxınlaşmağa imkan vermədilər”.
Prezident Co Baydenin ikili standartlar tətbiq etdiyini vurğulayan Tramp sələfi Barak Obamanın Ağ Evdən qaçaq yolla çıxardığı 33 milyon səhifəlik sənədlərin niyə təqib olunmadığını soruşub:
“Barak Hüseyn Obamanın Ağ Evdən Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlərə nə oldu? Bunları geri verməkdən imtina etdi. Obamanın Martas-Vinyarddakı malikanəsinə də basqın edəcəklər?”.
“Vaşinqton Post” qəzeti Trampın evinə basqında məqsədin nüvə silahlarına aid məxfi sənədlər axtarmaq olduğunu iddia edib. FTB isə Mar-A-Laqo malikanəsindən 11 dəst “tam məxfi” möhürü vurulmuş sənəd tapdığını açıqlayıb.