“İşğal olunmuş Krımda tez-tez baş verən müəmmalı partlayışlarla bağlı verilən “hava həyəcanı” siqnalları yarımadanın azad edilməsinin başlamasından xəbər verir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert Rusiyanın işğalı altındakı Krıma zərbələrin sayının artdığını bildirib:
“Krım “hava həyəcanları”na qoşularaq Ukraynaya qayıtmağa başlayıb. Baş verənlər müntəzəm xarakter alır. Hər yerdə, bütün Krım ərazisində hava hücumundan müdafiə sistemləri işləyir”.
Jdanovun fikrincə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Krımda dəqiq nəyi vurduğu məlum deyil: “Yerüstü partlayışlar da olur. Bu onu göstərir ki, hava hücumundan müdafiə sistemi hər şeyi vura bilmir”.
Avqustun 20-də Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına PUA çırpılıb. Olay nəticəsində binanın üst hissəsi yanıb. Ölən və yaralananlar olmayıb.
Bundan əvvəl və sonra da Krımın müxtəlif yerlərində çoxsaylı partlayışlar qeydə alınıb. Ukrayna Prezidenti Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç Krıma müəmmalı zərbələrin davam edəcəyini bildirib.