Liviyanın paytaxtı Tripolidə BMT-nin tanıdığı müvəqqəti hökumətin ordusu və parlamentin təyin etdiyi hökumətin silahlı dəstələri arasında davam edən döyüşlərdə azı 32 nəfərin həlak olduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, şənbə günü davam edən şiddətli döyüşlərdən sonra Tripolidə bazar günü nisbi sakitlik hökm sürür. Liviyanın Səhiyyə Nazirliyi həlak olanlar və çoxlu sayda yaralılar arasında mülki şəxslərin də olduğunu bildirib. BMT-nin Liviya üzrə Missiyası tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlar aparmağa çağırıb. ABŞ-ın bu ölkədəki səfiri Riçard Norland yeni vətəndaş müharibəsi başlayacağı ehtimalından narahatlığını ifadə edib.
Liviya keçici hökumətinin Baş naziri Əbdülhəmid Dbeybəh parlamentin təyin etdiyi hökumətin başçısı Fəthi Başağanı və general Xəlifə Haftarı paytaxt Tripolini zorla ələ keçirməkdə ittiham edib. Qarşı tərəf isə müvəqqəti hökumətin mandatının müddətinin bitdiyini bildirib.