29 Avqust 2022 13:59
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsəd administrasiyası ilə dialoqa yaşıl işıq yandıran Türkiyənin açıqlamalarından sonra İran mediası təəccüblü iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, İranın “Tasnim” agentliyi xüsusi xəbərində Ankaranın Suriya Müxalif və İnqilabçı Qüvvələri Milli Koalisiyasını (SMDK) Türkiyəni tərk etməyə çağırdığını iddia edib.

Bir neçə mənbəyə istinadla bildirilir ki, Dəməşqlə əlaqələrini nəzərdən keçirən Türkiyədən bir rəsmi ötən həftə SMDK prezidenti Səlim əl-Muslatla görüşüb. İddiyaya görə, Türkiyə rəsmisi görüşdə “Ankara Dəməşqlə münasibətləri bərpa etməkdə qərarlıdır və Suriya müxalifəti bu reallığı qəbul etməlidir” deyib.

İran agentliyi iddia edir ki, Ankara Suriya müxalifət təşkilatının Türkiyədəki bütün siyasi və media fəaliyyətlərinə son qoyaraq başqa ölkəyə getməsini istəyir. Mənbələr SMDK lideri Əl-Muslatın Türkiyəni tərk etmək istəyini qəbul etdiyini və Səudiyyə Ərəbistanına getməyi təklif etdiyini bildirib.

Qeyd olunub ki, Suriya Türkmən Məclisinin sədri Əbdülrəhman Mustafa İordaniyaya getməyi təklif edib.

Xəbərə görə, son zamanlar Suriya müxalifətinə yaxın media qurumları Türkiyəni sərt tənqid edən xəbərlər hazırlamağa başlayıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan “Bizim Əsədi məğlub edib-etməmək problemimiz yoxdur. Dövlətlər arasında siyasi dialoq və ya diplomatiya kəsilə bilməz” fikirlərini işlədib. Ehtimal olunur ki, qərəzliyi ilə daima seçilən İran mediası məhz Ərdoğanın bu fikirlərindən “nəticə” çıxararaq əsassız iddia ilə çıxış edir.


Müəllif: Nemət

Oxşar xəbərlər