“Brüssel görüşü müzakirələr baxımından əhəmiyyətlidir. Ancaq indiyə qədər də belə görüşlər keçirilib, Ermənistan tərəfi müəyyən razılıqlar versə də, sonradan onu icra etməyib. Məsələn, bundan əvvəlki görüş zamanı Ermənistan konkret hərəkətlər istiqamətində addımlar atacağını vəd eləmişdi, amma müxtəlif bəhanələrlə bundan yayındı. Əlbəttə, bu reallığı görüşün təşkilatçısı olan Avropa İttifaqının liderləri də anlamalıdır”.
Bu sözləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı danışarkən deyib.
Hüquqşünas qənaətini bölüşərkən bildirib ki, burada Rusiyanın təsiri olduqca güclüdür. Onun sözlərinə görə, Rusiya problemin həlli üçün vasitəçilik missiyasını inhisarında saxlamaq istəyir: “Ona görə, İrəvana təzyiqlər edir. Bu baxımdan mümkündür ki, Brüsseldə müzakirələr aparılsın, tərəflər öz təklif və fikirlərini açıqlasınlar. Sonda sadəcə deklarativ bəyanat verilsin.
Hər halda belə görüşlərin keçirilməsi faydalıdır. Çünki proses birtərəfli olaraq Rusiyanın nəzarətindən çıxır, Avropa İttifaqı da vasitəçi kimi çıxış edir və beləcə tərəflər Rusiyadan kənarda birbaşıa əlaqələr və münasibətlər yarada bilir. Unutmayaq ki, prosesdə Rusiyanın da böyük maraqları var və bəzən bu maraqlar imkan vermir ki, problem birdəfəlik həllii tapsın”.
Partiya sədri bildirib ki, yaxın dövrdə sülh sazişinin imkalanmasını real hesab etmir: “Çünki ermənilər müxtəlif bəhanələrlə bundan boyun qaçırmağa çalışacaq. Hazırda İrəvan çalışır ki, problem uzansın. Bu, əslində Avropa, Rusiya, elə ABŞ-ın da bölgəyə marağını artır. Problemin həll edilməməsi onların bölgə ilə bağlı maraqlarına tam uyğundur.
Geci-tezi sülh müqaviləsi imzalanacaq. Amma onun yaxın dövrdə baş verəcəyini gözləmirəm”.