Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupu Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problemi üzrə razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirak etdiyi üçtərəfli qrup Cənubi Qafqazda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələləri ilə məşğuldur. İşçi qrupu ritmik işləyir, eyni zamanda, yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı müntəzəm təmaslar var. Üç liderin 10 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılmış bu üçtərəfli işçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, bunlar yaxın gələcəkdə tamamlanacaq. Ən əsası, bu iş vakuumda, təcrid olunmuş şəkildə deyil, daha geniş nəqliyyat layihələri, o cümlədən iranlı tərəfdaşlarımızın da maraqlı olduğu Şimal-Cənub dəhlizi layihəsi ilə sıx əlaqədə aparılır”, - Lavrov bildirilib.
Onun sözlərinə görə, söhbət Azərbaycan, İran və Rusiya arasında Rəşt-Astara magistralının dəmir yolu hissəsinin bərpası ilə bağlı davam edən müzakirələrdən gedir: “İxtisaslaşmış mütəxəssislərin görüşü sentyabr ayına planlaşdırılır”.