İyulda Almaniya Rusiyadan 2.9 milyard avro dəyərində mal idxal edib. Enerji resurslarının bahalaşması Almaniyanın Rusiya ilə ticarətini dayandırmaq cəhdlərinə mane olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Almaniya Federal Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında Almaniyanın Rusiyadan idxalının dəyəri 10.2 faiz artıb. Qurum bunu əsasən energetika sektorunda qiymətlərin baha olması ilə əlaqələndirib. Belə ki, Rusiya qazının tədarükünün kəsilməsi Avropanın ən böyük iqtisadiyyatında ev təsərrüfatı və biznes sektorları üçün elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.
Xidmətdən verilən məlumata görə, iyulda Almaniya Rusiyadan 1.4 milyard avro dəyərində xam neft və təbii qaz idxal edib ki, bu da ötən illə müqayisədə 1.6 faiz çoxdur.
Rusiya koks və neft məhsullarının idxalı 0.5 milyard avro həcmində artaraq, 72.5 faizə çatıb. Rusiya kömürünün idxalı isə iki dəfədən (0.5 milyard avro) çox artıb.