“Qərb Ukraynadakı məğlubiyyətə görə məsuliyyət daşımaq istəmir, ona görə də bəyan edir ki, indi danışıqlar prosesi ölkə Prezidenti Vladimir Zelenskidən asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Vaşinqton və Brüssel ritorikasını yeniləyib, onlar bəyan edirlər ki, Ukrayna məsələsinin dinc yolla nizamlanması üzrə danışıqlar məsələsi tamamilə Zelenskidən asılıdır. Əvvəllər başqa cür mübahisə edirdilər, deyirdilər ki, münaqişə yalnız döyüş meydanında həll olunmalıdır. Artıq anlayırıq ki, Zelenski ilə heç bir qələbə qazana bilməyəcəklər. Məğlubiyyətə görə isə məsuliyyət daşımaq istəmirlər”, - spiker vurğulayıb.
Volodin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Vaşinqton və Brüsselin ümidlərini doğrultmayıb:
“Zelenski qələbə vəd etmişdi. Nəticə isə Qərb sponsorlarını məyus etdi”.
Volodin onu da əlavə edib ki, ABŞ və Avropa İttifaqındakı daxili siyasi vəziyyət onları başqa cür düşünməyə məcbur edir:
“Amerikalılar və avropalılar Ukrayna hadisələri ilə bağlı öz mövqelərini bildirməyə başlayıblar. Onlar müharibə siyasəti üçün öz ciblərindən pul ödəməyə hazır deyillər. İnflyasiya, qiymət artımı, enerji resursları ilə bağlı problemlər və üzləşdikləri digər çətinliklər qış ərəfəsində onları narahat etməyə bilməz”.