Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyasının tribunasından rusiyalı həmkarı Vladimir Putinin nüvə hədəsi ilə bağlı sözlərindən sitat gətirdiyi çıxışını “ədəbsizlik” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Zaxarova Baydeni Putinin adından yalan danışmaqda da ittiham edib.
“ABŞ prezidentinin çıxışına gəlincə, bu, tamamilə ölkəmizin ətrafında qurulub və bunu ədəbsizlik hesab edirəm. Məsələ budur ki, o, guya çıxışına Rusiya prezidentindən sitat gətirməklə başlayıb. Ölkəmizin dünyanı nüvə silahı ilə təhdid etdiyini dedi və bu sözləri Rusiya prezidentinə aid etdi”, - XİN rəsmisi bildirib.
Zaxarova bunun ictimaiyyətə yönəlmiş təbliğat olduğunu iddia edib:
“Təəssüf ki, indi bu mövqe yenidən Qərb mediasında tirajlanır. ABŞ prezidenti isə Amerika mediasına səpələnən iddiaları birləşdirdi”.
Bundan əvvəl Bayden çıxışında Putinin Avropanı nüvə silahından istifadə ilə hədələdiyini və nüvə silahının yayılmamasının qarşısının alınması üzrə öhdəliklərinə məhəl qoymadığını deyib. Amerika lideri onu da söyləyib ki, nüvə müharibəsində heç bir qalib ola bilməz və belə bir savaş heç vaxt başlanılmamalıdır.