3 Oktyabr 2022 21:26
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan və Türkiyə arasında hərbi toqquşma ehtimalı getdikcə artır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Yunanıstanın Türkiyə sahillərinə yaxın qeyri-hərbi statuslu adaları silahlandırması Egey dənizində yeni hərbi toqquşmanı tətikləyə bilər:

“Lozanna müqaviləsinə görə, Egey dənizindəki adalar silahsız olmalı və hərbi məqsədlər üçün istifadə edilməməlidir. Amma Afina ABŞ-ın verdiyi silahları Türkiyənin təhlükəsizliyini təhdid edəcək səviyyədə adalarda yerləşdirir. Yunanıstan adalara F-16 qırıcıları, tank, artilleriya sistemləri və canlı qüvvə göndərib. Həmin sistemlər Türkiyəyə tuşlanıb.

Hesab edirəm ki, iki NATO ölkəsinin üz-üzə gəlməsi “Qərb bloku”nda parçalanmaya səbəb ola bilər. Görünən budur ki, Vaşinqton bu kimi vasitələrlə Türkiyəni NATO-dan uzaqlaşdırmağa çalışır. Artıq ABŞ NATO-nun cənub cinahının Türkiyə yox, Yunanıstan olmasını istəyir.

Qənaətimə görə, Yunanıstanın bu dərəcədə silahlandırılması Aralıq dənizində qaz yataqları uğurunda gedən savaşın tərkib hissəsidir. Qərb Türkiyənin Aralıq dənizinin karbohidrogen ehtiyatlarına sahib olmasını istəmir və maksimum təzyiq edərək, Ankaranı bu planından vaz keçirməyə çalışır.

Beləliklə, yeni geosiyasi nizamda ABŞ-Türkiyə müttəfiqliyi mümkün görünmür. Amerikanın artan təzyiqləri həm də gələn il Türkiyədə keçiriləcək seçkilərlə bağlıdır. Amma Amerikanın səylərinə baxmayaraq, indidən demək olar ki, seçkilərin qalibi indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olacaq. Məhz ABŞ-la yanaşı, Almaniya da Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla bunun qarşısını almağa çalışır. ABŞ odla oynayır, ən kiçik səhv bölgədə aranı qarışdıra bilər”.

Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyənin müstəqil xarici siyasəti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyi Vaşinqton tərəfindən qəbul edilmir: “Türkiyənin hədəfdə olmasının əsas səbəblərindən biri də budur.

Hesab edirəm ki, Rusiyanın Ukrayna müharibəsində məğlub olması ilə Egey dənizində sular isinəcək. Amma Yunanıstanın heç bir şansı yoxdur. Əgər Yunanıstan məntiqsiz hərəkət edərək Türkiyəyə hücum etsə, məğlub olacaq. Bu, Egeydəki adaların Türkiyənin nəzarətinə keçməsi ilə nəticələnəcək.

Mümkün türk-yunan savaşı NATO-nu da parçalaya bilər. Alyansın parçalanması Avropa Birliyini öz vahid ordusunu yaratmağa sövq edə bilər. Onsuz da uzun müddətdir bu, birlik ölkələri arasında açıq-gizli müzakirə mövzusudur.

Hesab edirəm ki, Vaşinqtonun Türkiyə ilə bağlı hədəfləri müsbət nəticə verməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər