Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” mesajı ilə panikaya düşən Yunanıstan hökumətindən yeni addım gəlib. İddiaya görə, Yunanıstan Türkiyənin addımlarını izləmək üçün “Outpost” adlı gözətçi qülləsi tikir.
Teleqraf.com xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında Egey dənizində gərginlik davam edərkən, Afinadan qarşıdurmanı gücləndirmək üçün atılan addımlar bir-birinin ardınca gəlməyə davam edir.
Yunanıstan yenidən Türkiyənin reaksiyasını çəkəcək addım atıb. Qarşı tərəfin Türkiyənin addımlarını izləmək üçün gözətçi qülləsi inşa edəcəyi iddia edilir.
“Outpost” adlanan qüllənin Türkiyə yaxınlığındakı bölgələrdən birində yerləşdirilməsi təklif olunub. Qüllə sayəsində müxtəlif təhlükələrin əvvəlcədən aşkarlanması hədəflənir.
Yunan mətbuatının məlumatına görə, “Outpost” insan, dron, təyyarə, gəmi və nəqliyyat vasitələri də daxil olmaqla bir obyekti aşkar edə biləcək.
Qüllənin dəqiq yeri göstərilməsə də, adalardan birində olacağı iddia edilir. Yunanıstan sözügedən qüllə ilə adaların uzaqdan idarə edilməsini təmin etməyi də hədəfləyir.