Fransanın sabiq prezidenti Fransua Olland “Affronter” adlı kitabını nəşr etdirib.
Teleqraf.com xəbər verir ki, Olland kitabında prezidentlik dönəmində baş nazir vəzifəsində çalışan hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da bəhs edib.
Kitabla əlaqədar Yunanıstan mətbuatına açıqlama verən Olland Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib.
“Ta Nea” nəşrinə danışan Olland deyib ki, Ərdoğan həm Qərblə, həm də Rusiya ilə birgə ola bilməz:
"Türkiyə NATO ölkəsi olduğu üçün həm avropalıların, həm də ABŞ-ın müttəfiqi kimi önə çıxır, amma digər tərəfdən yaxşı və ya pis səbəblərə görə Vladimir Putinə yaxındır. Yaxşı səbəblər taxıl böhranının həll olunmasıdır, pis səbəb isə ukraynalıların bu gün qəbul edə bilmədiyi sülh sazişində vasitəçi kimi çıxış etmək istəməsidir.
NATO Türkiyə ilə Yunanıstan arasında pisləşən münasibətləri özlərinin daxili problemi kimi görməlidir. NATO üzvü olan iki ölkə arasında münasibətlərin pisləşməsinin qarşısını almaq lazımdır. Ən əsası, bu böhran dialoq və danışıqlar yolu ilə həll edilməlidir”.
Kitabında Rusiya Prezidenti Vladimir Putinin çox rahat yalan danışa bildiyini ifadə edən Olland əlavə edib: “ Ərdoğan bilir ki, NATO üzvü olan bir ölkəyə hücum edərsə, təkcə NATO-dan deyil, Avropa daxilindəki bütün müzakirə və dialoqlardan da kənarda qalacaq. Axı o da Avropanın üzvü olmaq istəyir. Deməli, o, hüdudlarını bilir”.
Olland Praqada keçirilən Avropa Siyasi Birliyinin tədbirində Yunanıstanın baş naziri Mitsotakis ilə Ərdoğan arasında yaşanan gərginliyi də dəyərləndirib. O, bu hadisədə Avropa Birliyinin də rolunun olduğunu bildirib.
Gələn il Türkiyədə seçki keçiriləcəyini xatırladan Olland “Seçki prosesində hər kəs son dərəcə diqqətli olmalıdır” şərhini verib.