25 Oktyabr 2022 11:51
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-a meydan oxuyur və Rusiyadan daha bir atom elektrik stansiyası (AES) tikməsini xahiş edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi ildən müstəqil xarici siyasət yürüdürək yeni müttəfiqlər qazanmaq məsələsində son dərəcə sərbəst olduğu və Türkiyəni müstəqil güc kimi yenidən qurduğu vurğulanıb. Nəşr onu da qeyd edir ki, Türkiyə Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanı qınasa da, Qərbin sanksiyaları ilə razılaşmır.

Məqalədə deyir ki, bu balans siyasəti sayəsində Türkiyə nəinki öz maraqlarını təmin edir, həm taxıl dəhlizi və əsir mübadiləsində aparıcı rol oynayır, həm də Rusiya şirkətləri, investorları və turistləri üçün cəlbedici ölkəyə çevrilib.

Prezident Ərdoğanın dünya siyasətində mühüm rol oynadığı bildirilən məqalədə bu ifadələrə yer verilir:

“Prezident Ərdoğan Afrika və Latın Amerikasında onlarla diplomatik nümayəndəlik açıb. İlk növbədə Mərkəzi Asiyaya diqqətini artıraraq, Türkiyəni regional əməkdaşlıq təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ilk NATO ölkəsi edəcəyinə söz verib. İndi də Yaxın Şərqə doğru təsir dairəsini genişləndirir. Türkiyə 2019-cu ildə NATO-dakı müttəfiqlərinə zidd olaraq Rusiyadan S-400 hava hücumundan müdafiə raketləri alıb. Rusiyanın dövlət atom elektrik şirkəti “Rosatom” Türkiyənin Aralıq dənizi sahillərində 20 milyard dollar dəyərində AES tikir. Türkiyə hökuməti Rusiyadan daha bir AES tikməyi xahiş edib.

Ərdoğan sentyabrda Nyu-Yorka səfəri zamanı yalnız beş üzvünün prioritetlərini nəzərə alan BMT Təhlükəsizlik Şurasının tərkibinin yenidən nəzərdən keçirilməsinə çağırıb. O, dünyanın beşdən böyük olduğunu söyləyib: “Biz çoxqütblü, çoxmərkəzli, çoxmədəniyyətli, daha əhatəli və daha ədalətli qlobal nizamın tərəfdarıyıq”.

Ərdoğan Türkiyənin heç vaxt alternativsiz olmadığı mesajını verməklə müttəfiqlərinə qarşı üstün mövqedə olduğunu göstərdi.

Ərdoğan Moskva ilə əlaqəni kəsmədən Kiyevin yanında olmaqla öz doktrinasını formalaşdırıb. Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsini pisləyib, Rusiya gəmi və təyyarələrinin Türkiyənin nəzarətində olan dəniz və hava yollarına çıxmasına qadağa qoyub. Türkiyənin “Bayraktar” şirkəti Ukraynaya onlarla silahlı pilotsuz təyyarə satıb. Eyni zamanda, Ərdoğan Rusiyaya qarşı sanksiyalara qatılmaqdan imtina edib. O, bəzi qərb müttəfiqlərini müharibəni qızışdırmaqda günahlandırır və onlara Rusiyanı “kiçik görməmək” barədə xəbərdarlıq edib.

İyul-oktyabr aylarında Putinlə dörd dəfə görüşüb və Türkiyəni vasitəçi kimi təqdim edir. Ukraynanın Qara dəniz limanlarından taxıl daşınmasının bərpasına və əsirlərin mübadiləsinə imkan verəcək razılaşmaya vasitəçilik edir”.

Məqalənin davamında qeyd olunur:

“Prezident Ərdoğan bu yanaşması ilə sanki ABŞ başda olmaqla Qərbin dünyaya tətbiq etmək istədiyi siyasətlərə meydan oxuyur”.

Nəşr yazır ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara daxil edilməsi arzuansa da, Qərb müttəfiqləri üçün əvəzolunmaz tərəfdaş sayıldığı üçün bununla bağlı tətbiq olunacaq sanksiya Türkiyə ilə münasibətləri təhlükə altına sala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər