Prezident Vladimir Zelenski Rusiyanın suveren Ukrayna ərazisini işğal edərək başladığı müharibənin bitməsinin hansı amillərdən asılı olmasından danışıb.
Teleqraf.com xəbər verir ki, ondan müharibənin döyüş meydanında, yoxsa danışıqlar masasında bitəcəyi barədə soruşulub.
“Müharibəyə bu reallıqda son qoymaq çətindir. Bu, bir çox amillərdən asılıdır. Biz öz müqavimətimizi göstəririk. Bizi ukraynalı olmağımız motivasiya edir”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, ukraynalılar öz torpaqlarını qorumağa həvəslidirlər:
“Bizi əlimizdə olanlar motivasiya edir. Bu, bizdən asılıdır. Məqsədə doğru gedirik. Məqsəd də qələbədir. Əminəm, qələbə qazanan tərəf biz olacağıq”.
Bununla belə, Zelenski qeyd edib ki, bu qələbənin vaxtı Ukraynanın tərəfdaşlarından çox asılıdır. O, bu işdə lider roluna görə ABŞ-a təşəkkür edib və müharibə yorğunluğunun olmamasının çox vacib olduğunu söyləyib.
Dövlət başçısı xatırladıb ki, müharibənin jurnalistlər tərəfindən işıqlandırılması da Ukraynaya dəstək qərarına təsir göstərir: “Dəstək hərtərəfli və güclü olmalıdır.
Bu, həm də Rusiya cəmiyyətindən asılıdır. Buna görə də Rusiyaya qarşı sanksiyalarla birlikdə güclü hərəkət etməliyik. Onda onların cəmiyyəti başa düşəcək ki, həm siyasi seçimlərinə, həm də seçdikləri liderin ölkəmizdə terrorla məşğul olmasına görə məsuliyyət daşıyırlar.
Hamımız bu müharibəni qələbə ilə bitirmək istəsək, ən qısa vaxtda başa çatacaq. Bunu Avropanın, ABŞ-ın, Asiyanın, Afrikanın - özünü sivil və demokratik hesab edən ölkələrin və cəmiyyətlərin liderləri istəməlidir. Bu, ümumi istəkdən asılıdır”.