6 Noyabr 2022 08:16
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin yeni hökuməti YPG kürd terror təşkilatlarından uzaq olmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström şənbə günü İsveç radiosuna müsahibəsində bildirib.

Sözügedən qərar ölkənin NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını almağa çalışdığı bir vaxtda qəbul edilib.

YPG Suriya kürd yığma qoşunu və onun siyasi qolu PYD Türkiyədə PKK beynəlxalq terror təşkilatı ilə əlaqəli terror şəbəkəsinin bir hissəsi hesab olunur.

İsveç ABŞ və bir sıra digər NATO ölkələri ilə yanaşı, İslam Dövləti adlandırılan terror təşkilatı ilə mübarizədə YPG-yə dəstək verib. Lakin İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi səbəbindən ölkələr bu dəstəyi dayandırmaq üçün rəsmi Ankara ilə razılaşmalı olublar.

İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində bildirib: “Bu təşkilatlarla PKK arasında çox sıx əlaqə var və bizimlə Türkiyə arasında münasibətlər üçün bu məqbul deyil. Əsas məqsəd İsveçin NATO-ya üzv olmasından ibarətdir”.

Qeyd edək ki, yeni qərar İsveçin yeni Baş naziri Ulf Kristerssonun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsveçin hərbi ittifaqa qoşulmasına razı salmaq üçün Ankaraya getməsindən bir neçə gün əvvəl verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər