Yunanıstanın “Armyvoice” adlı saytında dərc olunan məqalədə Türkiyənin artan hərbi dəniz gücü diqqət mərkəzində olub.
Teleqraf.com xəbər verir ki, yunan nəşri Türkiyənin Aralıq dənizi hövzəsində yeni gəmiqayırma zavodları inşa etməyi planlaşdırdığını yazır.
Məqalədə qeyd olunur ki, Türkiyə Aralıq dənizində yeni tərsanələr tikməyi planlaşdırarkən, Yunanıstanda iflas baş verir.
Məqalədə Türkiyənin qarşı sahildə gücləndiyi, Yunanıstanın isə freqatlar alaraq fransız tərsanələrini gücləndirdiyi bildirilib. Yeni gəmiqayırma zavodlarının tikintisi bir yana qalsın, Yunanıstan heç mövcud olanların qayğısına qala bilmir. Borcu 432 milyon avronu keçən “Elefsina Shipyards” bağlanmaq təhlükəsi ilə üz-üzədir və 600 nəfərin işsiz qalacağı gözlənilir.
Yunan saytı qaçılmaz bir müqayisənin zəruri olduğunu bildirib:
“Türklər öz hərbi gəmilərini yaratmaq imkanlarını artırarkən, biz başqa ölkələrin gəmiqayırma zavodlarına milyardlarla pul tökürük. Hazırda Türkiyənin iki dövlət və müdafiə məqsədilə üçüncü özəl gəmiqayırma zavodu var. Türkiyə həmçinin nisbətən aşağı qiymətə ticarət gəmiləri hazırlamaq üçün yüksək potensiala malik bir çox özəl gəmiqayırma zavodlarına malikdir”.
Nəşr bildirib ki, Türkiyə özünü təmin etməklə kifayətlənmir, dünya üçün əvəzolunmaz təchizatçı olma yolunda uğurla irəliləyir:
“Maraqlıdır ki, 2020-ci ildə Türkiyə tərsanələri Meksika, Seyşel adaları, Hindistan və Oman da daxil olmaqla 136 ölkəyə gəmi və yaxta ixrac edib. Türkiyə istehsalı olan gəmilərin gəlirləri 2018-ci illə müqayisədə 75% artıb”.
Türkiyənin sürətlə artan müdafiə gücü bütün dünyaya məlumdur. Türkiyə havada, quruda və dənizdə oyunun qaydalarını özü müəyyən edə biləcək səviyyəyə çatıb. Türkiyə qarşı sanksiyalar daxili istehsalı artırıb. İndi də öz rəqib və tərəfdaşlarından qat-qat üstün olan kritik müdafiə sistemlərinin icracını həyata keçirir.
Şübhəsiz ki, bu uğur Türkiyə qorxusu ilə yaşayan Yunanıstanı da qıcıqlandırmaya bilmir.
Döyüş gəmilərinin hazırlanması imkanlarına gəlincə, məqalədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin korvet proqramının 100 faiz türk dizaynlı gəmiləri ilə irəlilədiyi vurğulanıb:
“MİLGEM proqramı (Milli Gəmi proqramı) çərçivəsində 4 ədəd “TCG Heybeliada” korveti 2011-2019-cu illərdə istifadəyə verilib. Beşinci gəmi, I dərəcəli freqat 2017-ci ildən tikilir, 2023-cü ildə təhvil verilə bilər.
İlk beş gəminin 75 faizi yerli materiallarla tikilib. Türkiyə mətbuatının məlumatına görə, I dərəcəli freqatlar kəşfiyyat və müşahidə, hədəf aşkarlama və kəşfiyyat, düşmən fəaliyyətinə qarşı erkən xəbərdarlıq, baza və liman müdafiəsi, sualtı gəmi, zenit və yerüstü, amfibiya və patrul əməliyyatlarını yerinə yetirəcək”.