İraq və Suriyanın şimalında keçirilən “Pəncə-Qılınc” əməliyyatları ilə Türkiyənin terrorla mübarizəsi yeni bir mərhələyə keçdi. Yeni əməliyyatlarla Şimali İraq və Suriya sərhədlərində “Təhlükəsizlik Dəhlizi” üçün mühüm addımın atıldığını bildirən mənbələr hazırda İraq sərhədində 40 kilometr dərinlikdə təhlükəsiz bölgənin yaradıldığını deyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Nəşr qeyd edir ki, dağların zirvəsindən başlayan sərhəd 40 kilometr içəri çəkilib:
“Yüzlərlə mağara bir-bir təmizlənib. Sanki yer altında şəhərlər yaradılıb. Mağaranın girişi bombalanır, tüstüsü 500 metr irəlidən çıxır. Bu, mağaraların böyüklüyünün göstəricisidir. Mağaralarda qalan yüksək səviyyəli təşkilat rəhbərləri də qaçıblar. Hazırda türk hərbçilərinin yerləşəcəyi bazaların arxası dağlara və yamaclara, önü isə düzənliyə baxacaq. Beləliklə, çox mühüm təhlükəsizlik dəhlizi yaradıldı. Müvəqqəti bazalar yaradılmaqla sızmaların qarşısı alınacaq”.
Bir neçə gün əvvəl Qəndil və Asos kimi nöqtələrdə həyata keçirilən əməliyyatlarla terror təşkilatının təlim düşərgələri, mağaraları, sığınacaqları, bunkerləri və logistika yollarının məhv edildiyi bildirilib.
Suriyanın şimalındakı hava əməliyyatı ilə bağlı təhlükəsizlik mənbələri nəşrə bunu deyiblər:
“Bu əməliyyatlar barədə nə Rusiya, nə də ABŞ-a məlumat verilib. Əslində əməliyyat başlayandan bir müddət sonra amerikalılar YPG-PYD-çilərə “təhlükə keçdi” mesajı veriblər. Gizləndikləri yerdən çıxdılar. Amma ardıcıl bombardmanlarla qarşıya qoyulan bütün hədəflər vuruldu. Ona görə də itkiləri böyük oldu”.
Təhlükəsizlik mənbələri Kobaninin Türkiyə Silahlı Qüvvələri tərəfindən ilk dəfə vurulduğuna diqqət çəkirlər. Türkiyənin hava əməliyyatına həm ABŞ, həm də Rusiya tərəfindən zəif etirazların olduğunu bildirən təhlükəsizlik mənbələri söyləyirlər ki, bu etirazlar Türkiyənin quru əməliyyatına başlamasına mane ola bilməz.
Qeyd edilib ki, Suriya Milli Ordusu və Türkiyə Silahlı Qüvvələrinin koordinasiyası ilə sərhəddə təhlükəsizlik zolağı yaradılacaq. İlkin məqsəd də Mənbiç və Təl-Rıfatı terror təşkilatından təmizləməkdir. Yekun məqsəd isə Şimali İraq sərhədindəki təhlükəsizlik dəhlizini Suriyanın şimalındakı təhlükəsiz zona ilə birləşdirmək olacaq.