“İranda hakimiyyətlər arasında parçalanma gedir, bəlkə də, bu, artıq baş verib. Ölkənin dini lideri Xameneyinin bacısı qızının həbsi də bunu göstərir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Sergey Danilov deyib.
Onun sözlərinə görə, bu epizod Xameneyi üçün heç bir önəm kəsb etməsə də, İran hökumətindəki vəziyyət baxımından çox açıqdır.
“Xameneyinin cinahı iqtidara yaxın və ya hakimiyyətdə olan insanların kontiniumunun bir hissəsidir. Həmin xəbərə əsasən belə qənaətə gəlmək olar ki, hakim komandada parçalanma gedir və ya artıq baş verib. Bu, etirazçılar və İrandakı vəziyyəti izləyənlər üçün çox mühüm siqnaldır”, - Danilov söyləyib.
Ekspert xatırladıb ki, iki aydan çoxdur İranda ümumxalq etirazları davam edir:
“Bu prosesdə elitanın parçalanması və etirazçıların qalib gəlmələri üçün formalaşdırmalı olduğu birlik mühüm rol oynayır. Digər önəmli amil isə ordunun və ya onun bir hissəsinin etirazçıların tərəfinə keçəcəyi ehtimalı ilə bağlıdır. Amma indi bu baş vermir.
Bu, hakim qruplar və onlara yaxın olanlar arasında amansız daxili mübarizənin getdiyinin sübutudur”.