Ukrayna ordusu Melitopolun işğaldan azad edilməsindən sonra Krımla bağlı əməliyyata başlaya biləcək. Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz və Azov sahillərinə çıxışı Rusiya donanmasına zərbələr endirmək üçün şərait yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Sergey Savçenko məlumat verib.
O qeyd edib ki, Ukrayna ordusunun Tokmak və Melitopol istiqamətində hücumu rus qoşunlarını şərq və qərb hissələrə böləcək.
General Eyni zamanda vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin dəniz sahillərinə çıxışı Kerç körpüsünə, Kerç boğazı üzərindən bərə keçidlərinə, eləcə də Rusiya hərbi bazalarına zərbələr endirməyə imkan verəcək: "Krımda və Novorossiyskdə donanmaya da zərbə endirmək imkanı yaranacaq. Beləliklə, Rusiya qoşunları Ukraynaya raket zərbələri endirmək imkanından məhrum olacaq və maddi-texniki imkanlarını itirəcək.
Qoşunlarımızın Krım istmuslarına daxil olması, Krımın işğaldan azad edilməsi şərqdə təcavüzkarın qoşunlarını daha da məğlub duruma salacaq".