“Türkiyə Avropa Birliyinin üzvü olsaydı, Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bilərdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı deyib.
Onun sözlərinə görə, Türkiyə NATO üzvü kimi iki ölkə arasında ortaq dil rolunu oynayır.
Kaymakcı bu müharibənin milli və enerji təhlükəsizliyi, iqtisadi tənəzzül və qeyri-qanuni miqrasiyanın artması kimi nəticələrinin olduğunu bildirib:
“Türkiyə Avropa Birliyinin üzvü olsaydı, bu müharibənin qarşısı alına bilərdi. Təəssüf ki, bu gün NATO ilə Avropa Birliyi arasında əməkdaşlıq, koordinasiya və birlik yoxdur”.
Kaymakcı Rusiya ilə Ukrayna arasındakı müharibənin başqa bir ölçüsünün olduğunu və Moskvanın bu savaşının ölkələrin iqtisadiyyatları üçün ciddi problemlər yaratdığını söyləyib:
“Genişlənmə prosesini inkişaf etdirmək üçün müharibələr və münaqişələr lazım deyil, sülh şəraitində işləməliyik. Normal vaxtlarda belə öyrənmə prosesini sürətləndirmək üçün sözlərə və aqressiyaya ehtiyacımız yoxdur”.
Türkiyənin Krım və dəniz əraziləri də daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədiyini deyən Kaymakcı ölkəsinin bu müharibədə strateji mövqe tutduğunu vurğulayıb.