Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusun bu ölkəyə qarşı müharibədə iştirak etməyə hazırlaşdığını istisna etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov açıqlama verib.
Onun sözlərinə görə, oktyabrın ortalarından etibarən Rusiya Belarusda hərbi qüvvələrinin sayını artırmaqla yanaşı, Minsk rəhbərliyi Ukraynaya qarşı təcavüzdə iştiraka hazırlığının göstəricisi ola biləcək addımlar atır.
Qromov bildirib ki, Belarus Dövlət Sərhəd Xidməti Qomel vilayətinin Ukraynanın Kiyev və Çerniqov bölgələri ilə həmsərhəd ərazilərində sərhəd zolağına vətəndaşların giriş-çıxışı ilə bağlı məhdudiyyətləri 2023-cü il martın 1-dək uzadıb. Bundan başqa, Brest vilayətinin Ukrayna ilə sərhəd rayonlarında da könüllülərin ərazi müdafiə birləşmələrinə qoşulması üçün təşviqat prosesi ötən həftə davam edib.
“Həmin vaxt Belarusun parlementi hərbi qulluqçular və dövlət orqanlarının nümayəndələri üçün dövlətə xəyanətə görə ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini təsdiqləyib. Ola bilsin ki, Lukaşenko rejiminin bu davranışları Ukraynaya qarşı müharibədə iştiraka hazırlıq addımlarından biridir”, - general vurğulayıb.
Qromov Rusiya hərbçilərinin Belarus ordusuna təlim keçdiyini də deyib.