YPG/PKK terror təşkilatını legitimləşdirmək üçün hər yola əl atan ABŞ-dan Türkiyə əleyhinə növbəti skandal addım gəlib.
Teleqraf.com xəbər verir ki, gəlişmə baş terrorçu Mazlum Kobani ilə tez-tez görüşən ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Maykl Erik Kurillanın Türkiyə əleyhinə son açıqlamasından sonra baş verməsi diqqət çəkib.
İraq və Suriyadakı beynəlxalq koalisiya qüvvələrinin komandanı, amerikalı general Metyu Makfarleyn Suriyanın şimalında “Kürdüstan Vətənpərvərlər Birliyi”nin lideri Bafel Tələbani və YPG/SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahinlə (Mazlum Kobani) ilə görüşüb.
Noyabrın 5-də Ərbildə ABŞ-ın Suriyadakı nümayəndəsi Nikolas Qrencerlə görüşən Bafel Tələbani də bu yaxınlarda Həsəkəyə gəlib. Amerika hərbi təyyarəsi ilə Suriyaya gələn Tələbani terror təşkilatının liderləri Fərhad Abdi Şahin, Asiya Abdullah, Foza Yusif və Saleh Müslümlə görüşüb. Görüşdə ABŞ generalı Makfarleyn və onu müşayiət edən hərbi nümayəndə də heyəti iştirak edib. Görüşdə bölgədə PKK və digər silahlı kürd qruplaşmalarının birləşdirilməsi planı müzakirə edilib.
Görüşdən sonra baş terrorçu Mazlum Kobani, ABŞ generalı və Tələbani birlikdə foto çəkdiriblər.
Kobani fotonu Tvitter hesabında bu qeydlə paylaşıb:
“KVB lideri Bafel Tələbani və CJTFOIR komandanı Makfarleyn ilə regionun sabitliyini qorumaq üçün birgə antiterror səylərini müzakirə etməkdən məmnunam. Belə tərəfdaşlıqlarla fəxr edirik və onu genişləndirmək üçün çalışırıq. Dəstəyiniz və dostluğunuz üçün təşəkkür edirik”.
Ötən gün Türkiyənin Suriyada başlatdığı “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı general Kurilla reaksiya doğuracaq açıqlama verib. Onun sözlərinə görə, Türkiyənin Suriya əməliyyatının qarşısı alınmalı və burada gərginliyin azaldılması və türklərin bölgəyə girməsini önləmək üçün görüləcək hər iş çox vacibdir.