Monqolustanda Rusiyadan Çinə avtonəqliyyat dəhlizinin tikintisinə başlanılıb, yol Tsaqanur və Dayan sərhəd keçidlərini birləşdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Monqolustanın “Aysi” informasiya portalı məlumat yayıb.
“Fevralın 1-dən Monqolustan-Rusiya sərhədi yaxınlığında yerləşən Tsaqanurda azad ticarət zonası fəaliyyətə başlayıb. Fevralın 2-də isə bu keçid məntəqəsinin Monqolustan-Çin sərhədi yaxınlığındakı Dayan sərhəd keçid məntəqəsi ilə birləşdirilməsi üzrə işlərə başlanılıb”, – məlumatda qeyd edilib.
Portalın məlumatına görə, söhbət Monqolustan ərazisindən Rusiyadan Çinə gedən ən qısa yol marşrutundan gedir.
Uzunluğu 745 km olan tranzit dəhlizi Bayan-Ulgiy və Xodov vilayətlərindən keçəcək və Novosibirskdən Urumçiyə uzanan böyük beynəlxalq avtomobil yolunun (4500 km) bir hissəsinə çevriləcək.