Yunanıstan Baş naziri Kiryakos Mitsotakis yaşanan gərginliyə baxmayaraq, ölkəsinin Türkiyəyə yardım göndərdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir iki ölkənin çətin anlarında bir-birinin yanında olmasının lazım olduğunu deyib.
“Yunanıstan və Türkiyə çətin anlarda bir-birinə kömək etməli olan qonşulardır. Bu, ölkələrimizdə baş verən ilk zəlzələ deyil. Bu, fikir ayrılıqlarımızı müvəqqəti olaraq bir kənara qoymağın və təcili olaraq vəziyyəti düzəltməyin vaxtıdır”, - Mitsotakis söyləyib.
Baş nazir sosial şəbəkə hesabında türkcə paylaşım da edib və Kahramanmaraşda xilasetmə işlərinə cəlb edilən yunan xilasedicilərin işini yüksək qiymətləndirib:
“Bizi ağrı ilə dolduran görüntülərin ardınca bizi ümidlə dolduran görüntülər gəlir. Xilasetmə qruplarının fövqəlbəşəri səylərinə yalnız sayğı duyuruq. Yunanlar və türklər həyatları xilas etmək üçün birlikdə, yan-yana döyüşürlər. Onlara etdiklərinə görə minnətdarıq”.