Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Avropa İttifaqı (Aİ) vergi yurisdiksiyalarının “boz siyahısı” adlanan sənədi yeniləyib və Rusiyanı ora əlavə edib.
Teleqraf.com xəbər verir ki, Rusiyadan başqa Britaniyanın Vircin adaları, Marşal adaları və Kosta-Rika da “boz siyahı”ya düşüb.
"Şura bu yurisdiksiyaların vergi məsələlərində əməkdaşlıq etməməsindən təəssüflənir və aşkarlanmış problemləri həll etmək üçün onları qanunvericilik bazalarını gücləndirməyə təşviq edir", - bəyanatda deyilir.
Bildirilir ki, Rusiyaya qarşı iddialar 2022-ci ildə qəbul edilmiş qanunvericiliyə xüsusi inzibati rayonların rejimini tənzimləyən dəyişikliklərlə bağlıdır (onlardan ikisi Rusiyada - Primorye və Kalininqrad vilayətindədir).
Aİ Şurası qeyd edir ki, Rusiya ilə vergi qanunvericiliyi ilə bağlı dialoq Ukraynadakı vəziyyət fonunda dalana dirənib.
Eyni zamanda, bir neçə ölkə “boz siyahı”nı tərk edib: Şimali Makedoniya, Barbados, Yamayka və Uruqvay.
Honq Konq, Malayziya və Qətər isə çatışmazlıqları aradan qaldırmaq üçün növbədədir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Aİ Moskvaya qarşı 9 sanksiya paketi tətbiq edib.
Avropa İttifaqı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümündə Rusiyaya qarşı 10-cu sanksiyalar paketini təqdim etməyi planlaşdırır.