“Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməllərini qiymətləndirmək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Azərbaycan münasibətlərindəki son duruma diqqət çəkib:
“Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfəri iki ölkə arasında “müttəfiqlik sazişi”nin imzalanmasının bir illiyi ilə bağlıdır. Həmin saziş ötən ilin fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi “tarixi sənəd” kimi qiymətləndirib. Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub.
Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq-gizli təxribatlarını nəzərə alanda, həmin sənədin Zaxarovanın təəbirincə desək, keyfiyyəti şübhə doğurur. Qarabağ separatçılarının başçılarını tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolunda separatçıların silah-sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana “strateji müttəfiq” ola bilməz. Ona görə də Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməllərini qiymətləndirmək lazımdır”.