25 Fevral 2023 11:50
2 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstanbul böyük zəlzələyə hazır deyil. Bir çox məhəllə yumşaq zəmin üzərində qurulub. Tikintilərdə keyfiyyətsiz sementdən istifadə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Kandilli Rəsədxanası Zəlzələnin Monitorinqi və Qiymətləndirilməsi Mərkəzinin direktoru, professor Doğan Kalafat deyib.

O hesab edir ki, İstanbulda yüksək olan zəlzələ riski ölkənin cənub-şərqində baş verən zəlzələlərə görə artmayıb: “İstanbulda risk artmayıb, çünki söhbət tamamilə fərqli sistemlərdən gedir. Son 7,7 bal gücündə zəlzələ Şərqi Anadolu çatı adlanan başqa bir qırılma xəttində baş verib”.

Seysmoloq İstanbulu çox pis tikilmiş binaların olduğu böyük bir şəhər kimi xarakterizə edib: “Mümkün güclü zəlzələni gözləyərkən vaxtdan səmərəli istifadə edərək möhkəm zəmində zəlzələyə davamlı evlər tikmək lazımdır. Fevralın 6-dan bu yana Türkiyədə 9 min yeraltı təkan baş verib. Normal vaxtlarda bu rəqəm 7-8 ayda olurdu”.

İstanbul zəlzələsi nə zaman başlayacaq?

Doğan Kalafatın 1999-cu il zəlzələlərindən sonra alimlərin İstanbul zəlzələsi ilə bağlı apardıqları hesablamaları xatırladıb və bunların hələ də qüvvədə olduğunu söyləyib: “İstanbulun da daxil olduğu bölgədə 7-dən böyük zəlzələnin baş vermə ehtimalı 2030-cu illərdə 64 faizdir. Bu ehtimal 50 il ərzində 75 faiz, 90 ildə isə 95 faizə yüksəlir. Bugünkü texnologiya ilə zəlzələnin nə vaxt baş verəcəyini təxmin etmək mümkün deyil. Amma müəyyən bir səhv nisbəti ilə zəlzələnin harada və neçə bal gücündə baş verəcəyini göstərə bilərik”.

O, təmsil olunduğu Kandilli Rəsədxanasının zəlzələnin erkən xəbərdarlıq sisteminin inkişaf etdirildiyini deyib: “Xəbərdarlıq edilmədən zəlzələ baş versə belə, İstanbul fay xəttinə çox yaxın olduğu üçün milyonlarla insanın ondan xilas olması üçün kifayət qədər vaxt olmayacaq. Erkən xəbərdarlıq ən çox 7-8 saniyəyə qazandıracaq ki, bu da insanların təhlükəsiz bir yerə çatması üçün kifayət deyil”.


Müəllif: Yeganə Oqtayqızı