“Altılıq Masası”nın vahid namizədi seçkilərdə Prezident Ərdoğana böyük hesabla uduzacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.
Ekspert Türkiyənin ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Baş verən şiddətli zəlzələlərdən sonra prezident seçkisinin təxirə salınacağı deyilirdi. Amma Prezident Ərdoğan qərarını dəyişmədi, seçkilər təyin olunduğu vaxtda – mayın 14-də baş tutacaq. Seçkilərə iki ay vaxt qalmasına baxmayaraq, müxalifət hələ də Ərdoğanın qarşısına öz namizədini çıxara bilmir. Səadət Partiyasının qərargahında keçirilən son toplantı isə “Altılıq Masası”nı alt-üst etdi. “Masa” bundan sonra İYİ partiyanın lideri Maral Akşənər olmadan davam edəcək.
Akşənər ilk gündən CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinin əleyhinəydi. O, CHP liderinin qələbə qazanacağına inanmır. Bunu bir neçə dəfə dilinə gətirib. İYİ partiya lideri Kılıçdaroğlunu yolundan döndərmək üçün çox çalışdı, amma alınmadı. Akşənərin fikrincə, namizədlik üçün ən yaxşı variantlar Mansur Yavaş və ya Əkrəm İmamoğludur. Kılıçdaroğlu isə bunu istəmir. Amma Akşənər burada yanılır, bu iki şəxs, xüsusən də İmamoğlu ölkə miqyasında o qədər də böyük nüfuza malik deyil”.
Ramiyə Məmmədova “Masa”dakı siyasi partiyalar arasında ciddi fikir ayrılıqlarının olduğunu, düşünüldüyü kimi birlik olmadığını söyləyib:
“Partiya liderləri sadəcə publika qarşısında “birlikdəlik” nümayiş etdirirdilər, yəni görüntü xatirinə. “Masa”nın indiyədək bütün toplantıları gərgin məcrada keçib. Bu gərginlik sonda “birliyi” parçaladı. Üstəgəl, hakimiyyətə gəlsələr belə, hansı plan üzrə hərəkət edə biləcəklərini müəyyən etməyiblər. Yəni plansız yola çıxıblar. Bu da onları cəmiyyətin önündə bir xal geri salır.
“Altılıq Masası” martın 6-da öz namizədinin adını açıqlamaq niyyətindədir. Akşənər artıq “Masa”da olmayacaq. Qalsa da istəməsə belə, Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq. Çünki “Masa”da nə onun, nə də irəli sürdüyü şəxslərin namizədlikləri dəstəklənir.
Cəmiyyətə gəldikdə, toplum Kılıçdaroğlunun hakimiyyətə gəlməsini istəmir. İlk dəfə seçkilərə qatılacaq Kılıçdaroğlunun Ərdoğana böyük hesabla məğlub olacağını düşünürəm”.