İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək hüququ var və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin bu cür hərəkətlərin qanunsuz olması barədə bəyanatını rədd edirik.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“BAEA-nın baş direktoru deyib ki, İsrailin İranın nüvə obyektlərinə hücumu qanuna ziddir. Hansı qanuna zidd? Açıqca bizi məhv etməyə çağıran İranın bizi məhv etmək üçün istifadə olunacaq dağıdıcı silahları hazırlamasına icazə varmı? Özümüzü müdafiə etməyə icazə varmı? Aydındır ki, bizə bunu etməyə icazə verilib və biz bunu edəcəyik”, - o, hökumətin iclasında deyib.
Netanyahunun sözlərinə görə, İsrail hər an İrana qarşı qəti addımlar atmağa hazırdır və heç kim Qüdsü bu qərardan çəkindirməyəcək.
Xatırladaq ki, İsrail təhlükəsizlik qüvvələri İranın müdafiə obyektlərinə hücumuna mümkün cavabı müzakirə edir.