Yunanıstanın ABŞ-dan tələb etdiyi hücum texnikalarının satışının ABŞ Konqresi tərəfindən təsdiqləndiyi bildirilib. Müvafiq olaraq, Yunanıstan ABŞ-dan 268 milyon dollara 76 amfibiya hücum, komanda-xilasetmə texnikası və avadanlıq alacaq. Amerikadan alınacaq hərbi texnikaların Egey dənizindəki qeyri-hərbi statuslu adalarda yerləşdiriləcəyi deyilib.
Teleqraf.com xəbər verir ki, satışın ABŞ-ın Xarici Hərbi Satış (FMS) proqramı vasitəsilə həyata keçiriləcəyi, müqavilə dəyərinin 268 milyon dollar olduğu və Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatının nəzarəti altında reallaşacağı bildirilir.
Konqres qərarından sonra verdiyi bəyanatda Yunanıstanı “Avropada siyasi sabitlik və iqtisadi tərəqqidə mühüm rol oynayan NATO müttəfiqi” adlandırıb.
Alınacaq texnikalar arasında 63 ədəd AAVP 7A1, 9 ədəd AAVC-741 və 4 ədəd amfibiya-hücum maşınları, eləcə də amfibiya hücum-xilasetmə texnikası (AAVR-7A1), pulemyotlar, MK-19 qumbaraatanları, İstilik Nəzarət Sistemləri və digər avadanlıqlar var.
Bundan başqa, ABŞ-dan alınacaq amfibiya AAV-7 tanklarının Yunanıstanın dəniz piyadalarının adalara çıxışını təmin etmək üçün əməliyyat imkanlarını artıracağı gözlənilir.
Müdafiə naziri Nikos Panayotopulos Afinanın silahlanma proqramı ilə bağlı ABŞ-dan adalara onlarla zirehli texnikanın göndəriləcəyini gözlədiklərini deyib.
Türkiyə ABŞ-ın Yunanıstanı məqsədyönülü şəkildə silahlandırmasını və Afunanın Egeyin qeyri-hərbi statuslu adlarını hərbiləşdirməsini təxribat adlandırır. İki ölkə arasında əldə edilmiş anlaşmalara əsasən, bu yöndə atılacaq hərbi addımlar müharibə səbəbi sayılacaq.