Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo Baş naziri Albin Kurti ilə Qərbin təklif etdiyi nizamlanma planının bir neçə bəndi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şimali Makedoniyanın Oxrid şəhərində Vuçiç və Kurti arasında danışıqlar 12 saat davam edib.
Serbiya prezidenti bunu “vacib” adlandırıb, eyni zamanda əlavə edib ki, heç nəyə imza atmayıb.
Vuçiçin sözlərinə görə, görüş zamanı əldə olunan razılaşma gələcək danışıqlar üçün zəmin yaradır. O, əmin olduğunu bildirib ki, Avropa Birliyi Serbiya hakimiyyətinin Kosovo ilə münaqişənin uzunmüddətli həlli istiqamətində səylərini yüksək qiymətləndirəcək və bu, ölkənin Avropaya inteqrasiyasına kömək edəcək.
“Əgər biz Avropa yolu ilə davam etmək istəyiriksə, irəliləyişimiz yüksək qiymətləndiriləcək”, - Serbiya prezidenti vurğulayıb.
Oxrid danışıqlarında vasitəçi olmuş AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borel bunu təsdiqləyib: “Razılaşdıq".
Onun sözlərinə görə, tərəflər sazişin icrası çərçivəsində münasibətlərin tənzimlənməsi yollarını razılaşdırıblar. Bununla belə, o, Serbiya və Kosovo arasında hələ də çoxlu ziddiyyətlərin olduğunu və hərtərəfli razılığın əldə edilməsinin əlavə iş tələb edəcəyini vurğulayıb.