Türkiyə prezidentliyinə namizəd, Məmləkət partiyasının sədri Məhərrəm İncə müxalifətin Millət İttifaqının başlatdığı “geri çəkil” kampaniyasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, partiya rəhbəri namizədliyini geri çəkməyəcəyini deyib.
İncə ittifaqın öz namizədinə, CHP sədri Kamal Kılıçdaroğluna güvənmədiyinə eyham vurub:
“Solçular 1994-cü il yerli seçkilərdən travma alıblar. İstanbul seçkilərində Zülfü Livanəli və İlhan Kəsici bir-birinə yaxın səs toplamışdı. Ərdoğan önə çıxmağı bacardı, 25 faiz səslə seçkini qazandı. Ancaq bu, yerli seçkilər idi, bu isə ümumi seçkilərdir. O futbol idi, bu basketboldur. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bu bir.
İkincisi, deyirlər ki, Millət İttifaqı 60 faiz səs alır, mənə isə 2-3 faiz verirlər. Əgər 60 faiz alırsınızsa, onda mənsiz 58 faiz alın.
Üçüncüsü, Gültəkin Uysala, Təməl Karamollaoğluna, Davudoğlu və Babacana göstərdikləri hörməti mənə - CHP oğluna göstərmirlər.
Bu hökumətdən (Rəcəb Tayyib Ərdoğan və ya AKP) razı deyiləm, amma sizdən də razı deyiləm. Qardaş, mən siyasətlə məşğul olmaq istəyirəm. Bəs mən niyə geri çəkilməliyəm? Siz öz namizədinizə (Kamal Kılıçdaroğlu) etibar etmirsiniz? Demokratik hüquq deyilmi?”.