“Tehran münasibətlərin gərginləşməsi yolundan imtina etməyəcəyi halda Azərbaycanın anti-İran koalisiyasında yer alması ehtimalı artacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Analizdə İran və ərəb ölkələri arasında normallaşma prosesinə diqqət çəkilib:
“İki müsəlman ölkəsini qeyri-müsəlman ölkəsi barışdırıb. İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Çinin paytaxtı Pekində saziş imzalayıblar. İmzalanma mərasimində Çin xarici işlər naziri Qin Qanq iştirak edib. Çin ilk dəfədir ki, münaqişə tərəflərini barışdıran məkana çevrilib. Adətən bu rola ABŞ və Avropa İttifaqı iddia edir. Bu səbəbdən İranla Səudiyyə Ərəbistanın qəbul etdikləri barışıq planı və bu planda Çinin yer alması Qərb paytaxtlarında və İsraildə ciddi suallar yaradıb.
Bu sazişə görə, İran və Səudiyyə Ərəbistanı səfirliklərini və konsulluqlarını yenidən açmaq barədə razılaşıb. Sazişdə iki ölkənin qarşılıqlı inamı və əməkdaşlığı genişləndirmək, regionda təhlükəsizlik, sabitlik və rifahın yaradılmasının hədəf göstərildiyi yazılıb. İki ölkənin xarici işlər nazirləri qarşılıqlı səfər barədə də razılığa gəliblər.
Tehran Səudiyyə Ərəbistanı ilə barışmaqla yanaşı, 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə səfirini göndərib.
İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri 2016-cı ildə pozulub. Həmin il Səudiyyə Ərəbistanında şiə din xadimləri terrorçuluq ittihamı ilə edam edilib. Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və iranlı nümayişçilər tərəfindən yandırılıb. Bu təxribata cavab olaraq Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib, Tehran isə bu ölkədəki səfirini geri çağırıb”.
Tehran niyə ərəb ölkələri ilə barışmağa qərar verib?
Mərkəzin ekspertləri deyirlər ki, İran ətrafında halqa daralıb:
“Qərbin İrana qarşı sanksiyaları sərtləşib, ölkə daxilində etirazlar dayanmır, iqtisadi-sosial problemlər artıb. Tehran bu qədər problemlə üzləşərkən, o biri problemlərin həllini vacib sayıb. Tehranda anlayıblar ki, ərəb ölkələri ilə problemi özləri yaradıblar və gərginliyi davam etdirməyin İrana zərəri olacaq. Münasibətlərin gərgin olması ərəb ölkələrini İsrail və ABŞ-la anti-İran koalisiyasına sövq edə bilərdi. Bu İranın problemlərini daha da artıracaqdı. Ona görə də Tehran təcili şəkildə ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa qərar verib.
Bu normallaşmanın nə qədər uzanacağını söyləmək çətindir. Çünki Tehranın keçmiş illərdə də ərəb ölkələri ilə münasibətləri normal olub, səfirliklər də fəaliyyət göstərib. Ancaq Tehran bu ölkələrin daxili işlərinə qarışdığına görə münasibətlər pozulub. Bunun yenidən təkrarlanacağını və Tehranın ərəb ölkələrinin daxili işlərinə qarışacağını istisna etmək olmaz.
Azərbaycan nümunəsində məhz bunu müşahidə edirik. İran öz ətrafında problemlərin sayını azaltmaq məntiqiylə Azərbaycanla da münasibətlərin keçmiş illərdəki nisbətən normal axarına qaytarmağa çalışmalıdır. Əgər Tehran Azərbaycanın ABŞ-la İsrailin anti-İran koalisiyasında yer ala biləcəyindən şübhəlidirsə və naharatdırsa, Səudiyyə Ərəbistanı ilə olduğu kimi Azərbaycanla da münasibətlərin normallaşmasına çalışmalıdır. Ancaq hələ ki bunun tərsi baş verir.
Tehran münasibətlərin gərginləşməsi yolundan imtina etməyəcəyi halda Azərbaycanın anti-İran koalisiyasında yer alması ehtimalı artacaq”.