İsrail müdafiə naziri Yoav Qallant İranın bütün cəbhələrdə ölkəsinə qarşı müharibə apardığını deyib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri İsrailin İranın bu fəaliyyətlərini sükut içində izləmədiyini bildirib.
“İsrail Müdafiə Qüvvələri bütün arenalarda, sərhəd boyu, sərhədin o tayında və hətta sərhəddən uzaqda aşkar və gizli əməliyyatlarda fəaliyyət göstərib və bundan sonra da fəaliyyət göstərəcək”, - Qallant söyləyib.
Onun sözlərinə görə, İran İsrail dövlətinə qarşı çoxcəbhəli müharibə aparır.
Qallant İsrailin cənub və şimal sərhədlərində bu ayın əvvəlində ölkəsinə qarşı raket hücumlarından sonra yaranan narahat sakitliyə baxmayaraq, müdafiə qüvvələrinin artan zorakılığa hazır olduğunu açıqlayıb.
İsrailin Yerusəlim Strateji Araşdırmalar İnstitutu (JISS) İranla müharibə barədə xəbərdarlıq edərək, Baş nazir Benyamin Netanyahunu bu təhdidlər fonunda məhkəmə sistemində yenidənqurma planını dayandırmağa çağırıb. İnstitutun analitikləri hesab edirlər ki, bu gün İran və İsrail arasında baş verənlərin açıq hərbi toqquşmaya çevrilmə ehtimalı əvvəlkindən daha ciddidir.
JISS bildirir ki, İsrail müharibə ehtimalına hazır olmalıdır. İsrailli analitiklərin fikrincə, İsrail tezliklə o həddə çata bilər ki, ABŞ-ın köməyi olmasa belə, İrana hücumdan qaçmaq mümkün olmayacaq.
Bundan əvvəl Binyamin Netanyahu demişdi ki, İsrail həmişə öz ordusu ilə özünü müdafiə etməyi bacarmalıdır:
“Əgər fövqəldövlətlər kömək üçün səfərbər olmaq istəyirlərsə, bu yaxşıdır, amma biz öz milli təhlükəsizliyimizi başqalarının təməlləri üzərində qura bilmərik”.