Rusiya Ukrayna ərazilərinə hücumlar həyata keçirmək üçün İrandan əlavə kamikadze pilotsuz təyyarələr partiyası alıb və artıq istifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” hərbi dairəsinin sözçüsü Nataliya Humenyuk məlumat verib.
Sözçü Rusiyanın İrandan aldığı yeni “Şahid” dronlarından ilk olaraq Ukraynanın cənub ərazilərini vurduğunu deyib:
“Raket ehtiyatları kritik həddə minimuma enib, nəticədə bu qədər fasilə verməyə və Ukraynanın arxa bölgələrinə təzyiq göstərmək üçün alternativ yollar axtarmağa məcbur olub. Kamikadze pilotsuz uçan aparatların əlavə partiyasını gözləyərkən bu qədər fasilə vermişdilər. İndi yeni partiya alıblar və istifadə etməyə başlayıblar”.
Humenyuk əlavə edib ki, Ukrayna ordusu Rusiya dronlarını və digər hava hücumundan müdafiə sistemlərini uğurla ovlayır.
Bundan əvvəl Dnepropetrovsk vilayəti üzərində İrana məxsus kamikadze dronları görünüb. Zenit sistemləri PUA-ları vaxtında sıradan çıxarıb. Eyni zamanda, ruslar Odessa vilayətini də İran PUA-ları ilə hədəfə alıblar, amma bunlar da vaxtında zərərsizləşdirilib.