Rusiyanın “Vaqner” silahlı qrupu Baxmut şəhərinin cənub və qərb istiqamətlərində irəliləyib. Ukrayna Silahlı Qüvvələri şəhərə nəzarət üçün şiddətlə döyüşür.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Söhbət şəhərin qərbindəki Baxmut-2 dəmir yolu stansiyası və cənub-qərbin ərazilərindən gedir. Yeni geolokasiya görüntüləri Rusiya qoşunlarının irəliləməsinə dəlalət edir.
ISW Rusiya qüvvələrinin şəhərə quru hücumlarını davam etdirdiklərini bildirir. Hazırda ən şiddətli döyüşlər “Vaqner”in irəliləyiş əldə etdiyi cənub və qərb ərazilərində gedir. Baxmutun şimal-qərb ərazilərində də döyüşlərin başladığı iddia edilir. Ukraynalılar şimal-qərb və cənub istiqamətlərində rusların hücumlarının qarşısını alıblar.
Həmçinin, Ukrayna ordusu Xromovo yaxınlığında Rusiyanın nəzarətini zəiflətmək məqsədilə Baxmutun şimal-qərbində xüsusi əməliyyat keçirməyə nail olub. Geolokasiya görüntülərində Ukrayna Silahlı Qüvvələrinin Xromovo-Çasiv Yar avtomobil yolunun şimalında necə irəliləməsi əks olunub.