1 May 2023 11:52
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Cinpin arasındakı telefon danışığı dünya mediasının gündəmindən düşmək bilmir. ABŞ-ın məşhur “Vaşinqton Post” qəzeti Çin liderinin Kiyevə zəng etməklə özünü sülhpərvər kimi göstərməyə çalışdığını yazır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri müharibənin başlamasından sonra liderlər arasında baş tutan telefon danışığında bir sıra mühüm məqamlara diqqət çəkirlər:

“Birincisi, Cinpin Zelenskiyə zəng etməklə Qərblə münasibətlərin normallaşmasına çalışır. Çünki Vaşinqton və Brüssel Pekindən Rusiya-Ukrayna müharibəsiylə bağlı konkret mövqe ortaya qoymasını istəyir. İkincisi, Cinpin Rusiyaya iki günlük səfərindən və Kreml sahibi Vladimir Putinlə görüşündən sonra Zelenski ilə təmas qurmalı idi. Bununla Pekin hər iki tərəflə dialoqun olduğunu göstərməliydi. Pekinin müharibənin dayandırılmasıyla bağlı 12 maddəlik planı da bunu diktə edir.

Digər tərəfdən, Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi də fəallığını bir qədər artırmalıdır. Şuranın 4 daimi üzvü bu və ya digər şəkildə müharibəyə cəlb olunub, bircə Çin məsafə saxlamağa çalışırdı, ancaq sonda Pekin də fəallaşmaq məcburiyyətində qaldı.

Si Cinpin müharibənin yalnız 400-cü günündə Kiyevə zəng edib. Buna qədər Zelenski ilə təmasdan yayınıb. “Politiko” nəşrində yayımlanan məqalədə Çinin Rusiyaya silah və hərbi texnika verməkdən çəkindiyi bildirilir. Pekin Qərbin sanksiyalarından ehtiyatlanır. Buna baxmayaraq, Çin Rusiya ilə əməkdaşlığı genişləndirməyə qərar verib”.

Təhlildə vurğulanır ki, Pekin vasitəçi təşəbbüslərini gücləndirməklə bu sahədə Qərbi əvəzləməyə çalışır:

“Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması buna nümunədir. Bu iki dövlət arasında danışıqlar Pekində gedir. Cinpin Moskva və Kiyevlə təmaslara baş vurmaqla müharibənin dayandırılması üçün fəallığını artırıb. Ancaq Qərb Pekinə vasitəçi olmağa imkan verməyəcək. Çin “müharibə dayandırılmalıdır” desə də, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinin vacibliyini bildirmir. Bunsuz müharibə dayandırılmayacaq. Pekin Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiyanın işğal etdiyi ərazilərlə bağlı mövqe bildirməkdən çəkinir.

Kiyev də Pekinin bu şəkildə vasitəçiliyini qəbul etməyəcək. Buna baxmayaraq, Zelenski Cinpinlə dialoqunu davam etdirəcək. Bu Zelenskiyə ona görə lazımdır ki, Pekin tamamilə Kremlin yanında yer almasın və Çin Rusiyaya hərbi texnika satmağa qərar verməsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər