“Vaqner” lideri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasındakı konflikt rus ordusu daxilində qruplaşmanın yüksək səviyyədə olduğunu göstərir. Bu da Rusiya qüvvələrinin müdafiəni koordinasiyalı şəkildə aparmasına əngəl yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı akspertlər Priqojinin “Vaqner”in Baxmutdan çıxarılması ilə bağlı bəyanatı və bundan irəli gələn durumu təhlil edərək belə nəticəyə gəliblər ki, Rusiya Baş Qərargahının qeyri-qanuni birləşmələrə təsir etmək imkanları son dərəcə məhduddur.
ISW tabeliyində olan komandirlərin də Baş Qərargah rəisi Valeri Gerasimovun əmrindən yayındıqlarını iddia edir və bildirir ki, komandanlıqdakı zəncirvari problemlərin Rusiya silahlı qüvvələrinin əməliyyatlar teatrında koordinasiyalı döyüşlər aparmasına ciddi təsir göstərir.
“Priqojin və Kadırov cəbhədə öz döyüşçülərini idarə etməkdə nəinki müstəqil hərəkət edə bilir, həm də de-fakto cəbhə xəttinin müəyyən hissələrinə şəxsən nəzarət edirlər. Bunlar Rusiyanın bütün əməliyyatlar teatrında ardıcıl müdafiəni əlaqələndirməsi ilə bağlı suallar doğurur”.
ISW hesab edir ki, Rusiya Ukrayna ordusunun yaxın gələcəkdə gözlənilən əks-hücumu zamanı komandadakı zəncirvari problemləri həll edə bilməyəcək.
Yevgeni Priqojin ötən həftə Rusiya komandanlığını muzdlu birləşmələrə sursat vermədiyinə görə sərt şəkildə tənqid edib. O, sursat göndərilməyəcəyi təqdirdə “Vaqner” bölmələrini Baxmutdan geri çəkəcəyi ilə hədələyib.