Macarıstan Baş naziri Viktor Orban Ukraynanın Rusiya təcavüzünü dəf etmək cəhdlərində uğursuzluğa məhkum olacağını iddia edir.
Teleqraf.com xəbər verir ki, baş nazir Qərbin Ukraynaya yardımlarının sadəcə daha çox qurbanlara səbəb olacağını bildirib.
“Rusiya Ukraynanı işğal edir, amma məsələ kimin kimi işğal etməsində deyil. Sual budur ki, sabah nə olacaq? Getdikcə daha çox insan öləcək və bu, heç bir tərəfin qalib gəlmə şansı deyil. Emosional baxımdan faciəlidir, bütün qəlbimiz ukraynalılarladır. Amma mən həyatları xilas etməli olan bir siyasətçi kimi danışıram. Bu müharibədə qalib gəlməyin yolu yoxdur”, - Orban deyib.
Orban dərhal atəşkəs çağırışını,eyni zamanda, Ukraynadakı müharibəsinin Rusiya və ABŞ arasında münaqişə olduğu iddiasını təkrarlayıb. Orbanın fikrincə, hərbi əməliyyatlar yalnız Moskva Vaşinqtonla birbaşa saziş bağladıqda dayana bilər.
Macarıstan bundan əvvəl Avropa Birliyinin Ukraynaya 500 milyon avroluq maliyyə yardımına qarşı çıxıb.