24 May 2023 13:04
2 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin-Mərkəzi Asiya sammitində Pekinin bölgə ölkələrinə 3.7 milyard dollar yardım edəcəyi ilə bağlı qərar verilib. Çin lideri Si Cinpinin sözlərinə görə, ölkəsi yoxsulluğun aradan qaldırılması sahəsində Mərkəzi Asiya ilə elmi-texnoloji əməkdaşlıq planı hazırlayacaq, həmçinin Çin şirkətlərini regionda daha çox iş yeri yaratmağa təşviq edəcək. Sammitdə Çin lideri ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan prezidentlər də iştirak edib. Cinpin Mərkəzi Asiya ölkələrinə ilk dəfə 2013-cü ildə səfər edib və daha sonra səfərlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, bu ölkələrin əksəriyyəti Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür:

“Belə olan halda Çinin Mərkəzi Asiya ölkələri ilə özəl format yaratmağa nə ehtiyacı var?

Birincisi, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri arasında Rusiya və Hindistan da var. Çinin Hindistanla sərhəd problemi var, Mərkəzi Asiya uğrunda mübarizədə Pekin tərəfdaşı Kremli rəqib sayır. Pekin ŞƏT-də Mərkəzi Asiya ilə inteqrasiyanı gücləndirə bilmədiyindən onlarla Rusiya və Hindistanın yer almadığı formata ehtiyac duyub.

İkincisi, Mərkəzi Asiya uğrunda mübarizəyə ABŞ da qoşulub. Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə ortaq “5+1” formatı var. ABŞ dövlət katibi ildə bir dəfə Mərkəzi Asiya xarici işlər nazirləri ilə birgə toplantı keçirir. Bu toplantıda Vaşinqtonun bölgə ölkələri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq mövzuları müzakirə olunur. Bu Rusiya ilə yanaşı, Çində də narahatlıq doğurur.

Üçüncüsü, Mərkəzi Asiya zəngin enerji və mineral yataqlara malikdir. Bu, böyük potensialdır. Maliyyəsi ilbəil artan Çinin isə daha çox enerji və mineral zənginliklərə ehtiyacı var. Ona görə də Pekin Mərkəzi Asiya ölkələrinə investisiyalar və yardımlar ayırır. Rusiya və ABŞ region ölkələrinə edilən yatırımların və yardımların həcmində Çindən geri qalırlar.

“Röyter” Agentliyinin məlumatına görə, Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı cari ildə 4.2 faiz artacaq. Bu rəqəmi Beynəlxalq Valyuta Fondu da təsdiqləyib. Çin bu potensialdan istifadə etməyə çalışır. Mərkəzi Asiyanın neft-qaz xətlərinin bir hissəsi Çinə istiqamətlənib. 2022-ci ildə Çinin bölgə ölkələri ilə ticarət mübadiləsinin həcmi 70 milyard dollara çatıb”.

Dördüncü faktora gəlincə, mərkəzin ekspertləri deyirlər ki, Çinin Böyük İpək Yolu layihəsinin ana xətti Mərkəzi Asiyadan keçir və keçməlidir:

“Pekin Mərkəzi Asiya ölkələrinin hamısını bu layihəsinə cəlb etmək istəyir.

Bu arada, Pekin müxtəlif marşrutlarla yanaşı, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Azərbaycan və Türkiyəyə çıxışına da müsbət yanaşır. Bununla yanaşı, Çin İran və Ermənistanla əməkdaşlıqda da maraqlıdır. Xəzər üzərindən keçən marşrut Azərbaycan, Gürcüstan və Türkiyədən Avropaya uzanır. Digər marşrutun isə Türkmənistandan quru yolla İrana və Ermənistana keçidi nəzərdə tutulub. Azərbaycanla Ermənistanın razılaşma əldə edəcəyi halda Zəngəzur dəhlizi də Böyük İpək Yolunun tərkib hissəsinə çevriləcək. Bununla Pekin Avrasiya bölgəsindəki ölkələrinin mütləq əksəriyyətini Böyük İpək Yolu layihəsinə cəlb etməyə çalışır.

Buna baxmayaraq, Çinin bölgədə artan fəallığının riskləri də var. Pekin Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasa da, bu ölkələrin xarici və təhlükəsizlik siyasətində balansı qorumasını istəyir, yəni bu ölkələrin ABŞ və Rusiya ilə yaxınlaşmasının əleyhinədir. Bundan başqa, Mərkəzi Asiya ölkələri Çindən daha çox borc aldıqca Pekindən asılı vəziyyətə düşürlər. Çin rejiminin zülmündən qaçan uyğurlar əsasən Mərkəzi Asiya ölkələrində məskunlaşırlar. Bu amil də Pekini narahat edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər