Rusiya təhlükəsizliyin təmin edilməsində siyasi-diplomatik üsullardan imtina etmir, lakin bu cür üsullar yalnız bütün tərəflər saxtakarlığa cəhd etmədikdə effektiv ola bilər.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O bildirib ki, Rusiya təhlükəsizliyin təmin edilməsinin müxtəlif formatlarda həyata keçirilə bilən siyasi-diplomatik üsullarından imtina etməyib: "Lakin reallıq göstərir ki, bu cür üsullar yalnız o zaman effektiv və səmərəli ola bilər ki, bütün tərəflər, həqiqətən də, bərabər və konstruktiv əməkdaşlığa sadiq olsunlar və əldə olunmuş razılaşmaları vicdanla yerinə yetirsinlər, onları aldatmağa və öz xeyrinə çevirməyə çalışmasınlar”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, “əks halda ən gözəl sxemlər belə havada asılı qalacaq”. "Təəssüf ki, amerikalı tərəfdaşlar tərəfindən əvvəlki kimi belə münasibət müşahidə edilmir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan etmişdi ki, ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin müddəti başa çatdıqdan sonra Rusiya ilə silahlara nəzarət arxitekturasına dair dialoqa hazırdır. Amma Moskva dialoqdan imtina edir.