Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılanlardan biri də Yunanıstanın keçmiş xarici işlər naziri Dimitris Avramopulos olub.
Teleqraf.com xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Avramopulos yunan televiziyasına mərasimlə bağlı təəssüratlarını danışıb.
Sabiq nazir Ərdoğanla yaxın münasibətlərinin Türkiyə liderinin İstanbul böyükşəhər bələdiyyəsinin sədri olduğu dövrdən başladığını deyib:
“Orada Ərdoğanın qonağı oldum. Ərdoğanla dostluğumuz illərdir təravətini itirməyən ətir kimidir. Ərdoğan Türkiyənin yaxşısı-pisi ilə təbii lideridir. Zənnimcə, o, siyasi səhnədən təqaüdə çıxmazdan əvvəl adının həmişə xatırlanacağı işlə məşğul olmaq istəyir”.
Ərdoğanın andiçmə mərasiminin kifayət qədər diqqətçəkən və möhtəşəm keçdiyini qeyd edən Avramopulos Ermənistan Baş naziri Nikol Paşinyanın orada iştirakına təəccübləndiyini də söyləyib.
Mərasimdə NATO baş katibi Yens Stoltenberqin iştirakının vacibliyini vurğulayan və buna “NATO ABŞ deməkdir” şərhini verən Avramopulos Türkiyə liderinin yeni kabinetindən də danışıb:
“Təhsilləri yüksək səviyyədə olan şəxsləri vəzifələrə gətirdi. Ərdoğan siyasətçiləri bir kənara qoyub, müxtəlif əhəmiyyət kəsb edən isimləri təyin etdi. Məsələn, 2015-ci ilə qədər Türkiyədə iqtisadi möcüzə göstərən Məhmət Şimşəki yenidən vəzifəyə gətirdi. Kabinetdəki isimlər Türkiyədə nələrinsə dəyişəcəyindən xəbər verir”.
Sabiq nazir Ərdoğanın yeni kabinetinə daxil olan şəxslərin təsadüfi olmadığını vurğulayıb.
Avramopulos Xarici İşlər Nazirliyinə təyin olunan Hakan Fidan haqda danışarkən deyib:
“Qənaətim budur ki, Türkiyənin Qərbə yaxınlaşmasını istəyir. Fidan Ərdoğanın çox güvəndiyi bir isimdir. Ərdoğanın Qərbə üz tutacağına inanıram”.