“Kaxov su elektrik stansiyasının (SES) dağıdılması ilə bağlı məsələ dünya miqyasında araşdırma və təhqiqat obyekti olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əlbəttə, bu, günlük, həftəlik mövzu deyil, dünən Kaxov su elektrik stansiyasında baş verənlər artıq tarixə yazılıb. Bu, dünya miqyasında araşdırma və təhqiqat obyekti olmalıdır”, - Rusiya rəsmisi bildirib.
Zaxarova əlavə edib:
“Belə durumlarda Qərbin reaksiyasını yüz faiz proqnozlaşdırmaq olar. Həqiqət və ya təxəyyül məhsulu olub-olmamasından asılı olmayaraq, baş verən hər şeyə görə Rusiyanı günahlandırmaq üçün bir sonsuz istək var. Kollektiv Qərbin reaksiyası həmişə belə olacaq”.
XİN sözçüsü bunu “informasiya-psixoloji müharibənin bir hissəsi” adlandırıb. Zaxarovanın iddiasına görə, Qərb bunlardan istifadə edərək Rusiya əhalisi arasında isteriya yaratmağa çalışır.
Kaxov SES dünən partladılıb. Ukrayna, ABŞ və Avropa Birliyi baş verənlərə görə Rusiyanı ittiham edib.