8 İyun 2023 11:07
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryana verdiyi cavab “şillə effekti” yaratdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni nəşri Rusiya rəsmisinin Qriqoryana saymazyana cavab verdiyini qeyd edib:

“Dünən Armen Qriqoryanı şilləyərək onu (Rusiyada) ciddi qəbul etmədiklərini açıq-aşkar bildirdilər. Heç kimə sirr deyil ki, Ermənistanda ciddi şəkildə anti-Rusiya ab-havası yaradılır. Qriqoryan ötən günlərdə H1 telekanalının efirində demək olar ki, açıq formada Ermənistanın 10 noyabr bəyanatının şərtlərindən imtina etdiyini açıqlamışdı.

“Blokadanın qaldırılması (nəqliyyat kommunikasiyalarında) məsələsində suverenlik və qarşılıqlılıq mühüm prinsiplərdəndir. Ermənistan kontekstində blokadanın götürülməsi belədir: sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin əlində olacaq. Bütün sərhəd xidmətləri yalnız erməni xidmətləri tərəfindən yerinə yetiriləcək. Ümid edirik ki, bütün digər tərəfdaşlar da bu prinsip üzrə gedəcəklər”, - Qriqoryan söyləyib.

Bu arada, 10 noyabr bəyanatının 9-cu bəndində qeyd olunur ki, açılacaq (Ermənistanda) nəqliyyat kommunikasiyalarına nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünənki brifinqdə Qriqoryanın bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib: “Bu, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri formatında müzakirə olunur. Yan tərəfdən verilən şərhlərə münasibət bildirməyi düzgün hesab etmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu