Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
Teleqraf.com xəbər onun çıxışının tam mətnini təqdim edir.
Rusiya prezidentinin müraciəti:
“Mən Rusiya vətəndaşlarına, Silahlı Qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının şəxsi heyətinə, indi öz döyüş mövqelərində vuruşan, düşmənin hücumlarını dəf edən, bunu qəhrəmancasına yerinə yetirən döyüşçülərə və komandirlərə müraciət edirəm! Hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət yoluna – silahlı üsyana sövq edənlərə də müraciət edirəm!
Rusiya bu gün neonasistlərin və onların ağalarının təcavüzünü dəf edərək, öz gələcəyi üçün sərt mübarizə aparır. Qərbin faktiki olaraq bütün hərbi, iqtisadi və informasiya maşını bizə qarşı yönəlib. Biz xalqımızın həyatı və təhlükəsizliyi, suverenliyimiz və müstəqilliyimiz üçün mübarizə aparırıq. Rusiya olmaq və qalmaq hüququ üçün - min illik tarixi olan bir dövlət üçün mübarizə aparırıq.
Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini, birliyi, konsolidasiyasını, məsuliyyətini tələb edir. Bizi zəiflədən hər şey, xarici düşmənlərimizin bizi daxildən sarsıtmaq üçün istifadə edə biləcəyi hər hansı bir fitnə kənara atılmalıdır.
Buna görə də birliyimizi parçalayan davranışlar əslində xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan bıçaqdır. Rusiyaya 1917-ci ildə, ölkə Birinci Dünya Müharibəsi apararkən belə bir zərbə vuruldu. Qələbə ondan oğurlandı. İntriqalar, çəkişmələr, ordunun və xalqın arxasından yürüdülən siyasət ən böyük sarsıntıya, ordunun məhvinə və dövlətin dağılmasına, geniş ərazilərin itirilməsinə çevrildi. Nəticəsi də vətəndaş müharibəsi faciəsi.
Bunun bir daha baş verməsinə imkan verməyəcəyik. Biz həm xalqımızı, həm də dövlətçiliyimizi istənilən təhlükədən qoruyacağıq. O cümlədən - daxili xəyanətdən.
Qarşılaşdığımız şeylər isə məhz xəyanətdir. Böyük ambisiyalar və şəxsi maraqlar xəyanətə gətirib çıxardı. Ölkəmizə, xalqımıza və “Vaqner” qrupunun döyüşçüləri və komandirlərinin digər birlik və bölmələrimizlə çiyin-çiyinə döyüşərək həlak olduğu davaya xəyanət etdilər. Soledarı və Artemovskini, Donbasın şəhər və qəsəbələrini azad edən qəhrəmanlar Novorossiya, rus dünyasının birliyi uğrunda döyüşüb, canlarını veriblər. Ölkəni anarxiyaya, qardaş qırğına sürükləyən üsyan təşkil etməyə çalışanlar da onların adına, şanına xəyanət etdilər. Sonda məğlub və təslim olacaqlar.
Yenə deyirəm, istənilən daxili təlatüm dövlətçiliyimiz üçün, bir millət olaraq bizim üçün ölümcül təhlükədir. Bu, Rusiyaya, xalqımıza zərbədir. Vətəni belə bir təhlükədən qorumaq üçün addımlarımız sərt olacaq. Xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını çəkəcək, həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcəklər.
Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilir. Rostov-na-Donda vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Çətin olaraq qalır, mülki və hərbi idarələrin işi əngəllənir.
Mən Rusiyanın Prezidenti və Ali Baş Komandan kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.
Hərbi üsyanı təşkil edənlər və hazırlayanlar, silahdaşlarına silah qaldıranlar Rusiyaya xəyanət etdilər. Buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram.
İnanıram ki, biz özümüz üçün əziz, müqəddəs olanı qoruyub saxlayacaq, vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik”.
***
11:28
Vladimir Putin xalqa müraciət etdi:
***
09:50
Rusiya Prezidenti Vladimir Putin bu gün yerli vaxtla saat 09.00-da xalqa müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən bildirilib.
V.Putinin müraciətinin mətni və mövzusu barədə məlumat açıqlanmayıb.