“Vaqner” qrupunun lideri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin qızı Mariya Vorontsovanın ortaqlarından biri olduğu Sankt-Peterburqdakı “Soqaz” klinikasında müalicə oluna bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Teleqramda rusiyalı jurnalist Sergey Nemaleviç məlumat yayıb.
Onun sözlərinə görə, 2021-ci ildə “Radio Svoboda”nın redaksiyasına bu klinikanın VİP müştərilərinin siyahısı daxil olub. Onların arasında Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko və Svetlana Krivonoqıx da var. Media Krivonoqıxın Putinin nikahdankənar qızı Luiza Rozovanın anası olduğunu güman edir.
Siyahıda başqa bir isim də var - Dmitri İsaakoviç Qayler. Jurnalist bu şəxs haqda yazır: “Dərhal internetdə axtarış apardıq, eyni ad və doğum tarixi olan bir şəxs sürücü kimi ayda 40 min rubl maaşa iş axtarırdı”.
Qaylerin adının qarşısında “Super VİP” qeydi olub. Müştərinin kart nömrəsi həmin şəxsin orada uzun müddət müalicə olunduğunu göstərirdi.
Bu yaxınlarda Priqojinin Peterburqdakı ofisində aparılan axtarış zamanı həmin şəxsin adına saxta pasport tapılıb. Jurnalistin sözlərinə görə, bu klinika digər “vaqnerçilər”i də müalicə edib və etməkdə davam edir.