“İsrail İranın nüvə obyektlərinə qarşı qabaqlayıcı hücuma yaxın deyil”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Zaçi Hanqbi deyib.
“İranın nüvə obyektlərinə hücum etməyə yaxın deyilik, çünki iranlılar bir müddətdir dayanıblar. Onlar uranı “qırmızı xətt” hesab etdiyimiz qədər zənginləşdirmirlər”, - İsrail rəsmisi bildirib.
Bununla belə, Hanqbi İranın İsrailin “qırmızı xətt”ini rədd edə biləcəyinə işarə edərək söyləyib:
“Özümüzü belə bir məqama hazırlayırıq. O vaxt gələcəksə, biz İsrail xalqını bizi məhv etmək istəyən və kütləvi qırğın silahlarına sahib olan ekstremist rejimdən müdafiə etməli olacağıq”.
İsrail baş nazirinin müşaviri qeyd edib ki, ABŞ-İran danışıqlarının nəticəsinin nə olacağı məlum deyil: “Hər halda, nüvə İranını ekzistensial təhlükə kimi görən İsrail üçün heç bir razılaşma məcburi deyil”.