3 İyul 2023 12:33
5 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Bu ölkələrin başında həmişəki kimi Çin gəlir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib:

“Bu günlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: Yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu tədbir 2015-ci ildən davamlı keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər.

Rusiya və Çin xarici işlər nazirləri Sergey Lavrov və Sin Qan konfrans iştirakçılarına təbrik məktubu göndərib. Maraqlıdır ki, konfrans Yevgeni Priqojinin və onun “Vaqner” qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişaf və tərəqqi əldə edəcəyinə inanır”.

Çin lideri Si Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur”.

Mərkəzin ekspertləri deyirlər ki, Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri yüksək səviyyədə saxlamaqda qərarlıdır:

“Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən, qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”.

Təhqiramiz müqayisədir. Lavrov qayıdakıları Rusiya və Çinə bənzədərkən, Qərbdəkiləri “bağıran meymunlar” adlandırıb. Lavrovdan fərqli olaraq, Si Qan Qərb haqda təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını deyib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqda “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər