Səksən altı yaşında vəfat edən İtaliyanın sabiq Baş naziri və “İrəli, İtaliya” (“Forza Italia”) Partiyasının sədri Silvio Berluskoninin vəsiyyətinin təfərrüatları məlum olub.
Teleqraf.com xəbər verir ki, Berluskoninin vəsiyyəti ölümündən üç həftə sonra notarius tərəfindən elan edilib. Sabiq Baş nazir 2006-cı ildə yazdığı vəsiyyətnaməsində mülklərinin birinci həyat yoldaşı Karla Elvira Dall'Ogliodan olan uşaqları Marina və Pier Silvio, digər aktivlənin də bərabər şəkildə beş övladı - Marina, Pier Silvio, Barbara, Eleonora və Luici arasında bölünməsini istəyib.
Beləliklə, S.Berluskoninin media və bank sektorundakı şirkətlərinin, “Monza” futbol klubunun və digər aktivlərinin daxil olduğu “Fininvest” holdinqindəki səhmlərinin 53 faizlik hissəsi Marina və Pier Silvioya çatıb. Holdinqin səhmlərinin qalan hissəsi isə mərhumun ikinci həyat yoldaşı Veronika Lariodan olan üç övladı - Barbara, Eleonora və Luici arasında bölüşdürülüb.
Silvio Berluskoni 33 yaşlı nişanlısı Marta Faskinaya 100 milyon avro, qardaşı Paolo Berluskoniyə 100 milyon avro, “İrəli, İtaliya” Partiyasından olan yaxın dostu senator Dell'Utriyə isə 30 milyon avro vəsiyyət edib.
Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də müalicə olunduğu xəstəxanada vəfat edib.