Yayın əvvəlində başlayan əks-hücum əməliyyatları zamanı Ukrayna ordusu Rusiyanın son 6 aydan çox müddətdə ələ keçirdiyi ərazi qədər ərazini azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin azad edilmiş ərazilərlə bağlı rəsmi hesabatlarındakı rəqəmlər ISW məlumatlarından fərqlənir, çünki Kiyev əraziyə ilkin nəzarətini fərqli hesablayır.
“Rusiya qüvvələri yanvarın 1-dən bütün əməliyyatlar teatrında cəmi 282 kvadratkilometr ərazini ələ keçirib. Son beş həftə ərzində Ukrayna qüvvələri demək olar ki, altı aydan çox müddətdə Rusiya qoşunlarının ələ keçirdiyi ərazi qədər ərazini azad edib”, - məlumatda qeyd olunur.
ISW-nin məlumatına görə, əks-hücum əməliyyatı başlayandan bəri Ukrayna ordusu təxminən 253 kvadratkilometr ərazini geri alıb.